human rights

UNESCO kafedrasının əməkdaşları Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabatın hazırlanması” layihəsində işitrak etmişlər. Layihə uğurla başa çatmış və hesabat Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.

Hesabat giriş, ümumi yanaşma və metodologiya, uzun müddət Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri haqqında ümumi məlumatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərin təhlili, məcburi köçkünlərin pozulmuş əsas hüquq və azadlıqları, Ermənistan tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinin pozulması və törədilən beynəlxalq cinayətlər, işğalla əlaqədar vurulmuş ziyanların təxmini əhatə dairəsi, mövcud beynəlxalq mexanizmlər, digər dövlətlərin təcrübəsi, beynəlxalq məhkəmə mexanizmləri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, 2020-ci ilin sonlarına qədər işğalda olmuş və hazırda işğaldan azad edilmiş Azərbaycan əraziləri üçün zəruri olan ilkin humanitar yardım və s. kimi bölmələrdən ibarətdir. Hesabatın nəticə hissəsində Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarının bərpası ilə yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara da bir sıra təkliflər edilmişdir. Hesabatda ilk dəfə olaraq Azərbaycan tarixi, dini və mədəniyyət abidələrinin ingiliscə siyahısı da verilmişdir.

Hesabat beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatlar, xarici dövlətlərin müvafiq dövlətdaxili qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən insan hüquqları sahəsində tədqiqatlar aparan elmi-tədqiqat müəssisələri və tədqiqatçılar, Azərbaycanın müvafiq dövlət qurumları və təhsil müəssisələri üçün təcrübi baxımdan əhəmiyyətli mənbədir.

Qeyd edək ki, Azərbaycan və ingilis dillərində nəşr olunmuş hesabatın bütün beynəlxalq hökümətlərarası və qeyri-hökümət təşkilatlarına, insan hüquqlarının beynəlxalq sahədəki mexanizmlərinə, o cümlədən müxtəlif dövlətlərin dövlət və qeyri-hökümət qurumlarına göndərilməsi nəzərdə tutulur.