human rights

05 oktyabr 2018

İstanbul Universitetinin Huquq fakültesinde "İnsan hüquqları və informasiya hüququ" UNESCO kafedrasının müdiri h.ü.e.d., professor Əmir Əliyevin beş dildə nəşr edilən “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycandan və Türkiyədən tanınmış alimlər, İstanbul Universitetinin professorları və müəllimləri, hüquq təhsili alan tələbələri, saxta erməni məsələsi üzrə tədqiqatçılar, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbiri açan İstanbul Universitetinin Hüquq fakültəsinin hüquq tarixi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Fethi Gedikli saxta “erməni məsələsi” və ondan qaynaqlanan problemlərdən bəhs edərək təqdim olunan kitabın əhəmiyyətindən danışıb.

Sonra professor Əmir Əliyev müəllifi olduğu “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” əsəri barədə geniş məlumat verib. Uydurma “böyük Ermənistan” ideologiyasının ifşası ilə bağlı son illər Azərbaycanda görülən işlərdən danışan müəllif qeyd edib ki, Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyət uğurlu nəticələr verir. Birinci vitse-prezident, Fondun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqına qarşı tarixən törədilmiş cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət məsələsinin həlli xüsusilə önəm kəsb edir.

Sonra saxta “erməni məsələsi” ilə bağlı elmi simpozium keçirilib. Professorlar Natiq Əsgərov, Əfsər Sadıqov və Zəkəriyyə Kurşun mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər. Alimlər diqqətə çatdırıblar ki, saxta “erməni məsələsi”ndən yaranan problemləri dünya ictimaiyyətinə olduğu kimi təqdim etmək Azərbaycan və Türkiyə ziyalılarının ortaq vəzifəsidir. Mövzu ilə bağlı indiyədək çoxlu sayda tarixi və siyasi kitab işıq üzü görüb. Beş dildə nəşr olunmuş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” əsəri isə mövzunu hüquqi aspektdən təhlil edir. Bu kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında önəmli mənbədir.

Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı ilə bağlı məlum sərəncamları, o cümlədən Xocalı soyqırımının tanınması ilə əlaqədar beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin sənədlərinin elmi tədqiqata cəlb olunması xüsusilə təqdirəlayiqdir.

Daha sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən film göstərilib, mövzu ilə bağlı müxtəlif fotolar sərgilənib. İştirakçıların sualları cavablandırıldıqdan sonra kitab imzalanaraq oxuculara təqdim edilib.

http://law.bsu.edu.az/az/news/stanbulda_azrbaycan_beynlxalq_cinaytlr_hdfind_hquqi_thlil_kitabnn_tqdimat_olub