human rights

2019-cu il

“İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının əməkdaşlarının müəllifliyi ilə “İnformasiya hüququ” adlı dərslik nəşr olunmuşdur. Bakı Dövlət Universitetinin (BDU) yüz illik yubileyinə həsr olunmuş dərslik informasiya hüququnun nəzəri və təcrübi məsələlərini özündə əks etdirir.

Kitabın həmmüəllifləri BDU-nun Hüquq fakültəsinin dekanı, “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Əmir İbrahim oğlu Əliyev, həmin kafedranın müəllimləri – hüquq üzrə fəlsəfə doktoru Gülnaz Aydın qızı Rzayeva, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Abdurrəhman oğlu Məhərrəmov və Şahin Sabir oğlu Məmmədrzalı, BDU-nun Hüquq fakültəsinin dekan müavini, “Konstitusiya hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Aytəkin Nazim qızı İbrahimovadır.

Dərslikdə informasiya sahəsində yaranan ictimai münasibətlərin hüquqi tənzimetmə metod və istiqamətləri, əsas insan hüquq və azadlıqlarının qorunması məsələləri şərh olunur, informasiya hüquq normalarının realizəsi formaları və bununla bağlı təcrübi problemlər təhlil olunur, informasiya hüququnun əsas anlayışlarının mahiyyəti və onların qanunvericilik qaydasında təsbiti məsələləri araşdırılır, informasiyanın hüquqi rejimi və təsnifatına dair aspektlər şərh olunur, informasiya hüququnun prinsiplərinin təminat mexanizmləri barədə mühakimələr yürüdülür, informasiya hüququnun bütün hüquqi institutlarının nəzəri və təcrübi problemləri müfəssəl formada tədqiq olunur, qlobal informasiya məkanında insan hüquq və azadlıqlarının təminatı problemləri araşdırılır, ayrı-ayrı informasiya hüquqlarının müdafiəsinə dair məhkəmə təcrübəsi (beynəlxalq və yerli) təhlil olunur, Azərbaycan Respublikasının informasiya-hüquqi siyasətinin istiqamətləri, o cümlədən respublikada hüquqi dövlət, vətəndaş cəmiyyəti və sosial dövlət ideyalarının müasir şərtlərlə inkişaf xronologiyası təhlil olunur. 

İnformasiya hüquq münasibətlərinin çevik inkişafını nəzərə alaraq, dərslikdə bu münasibətlərin tənzimlənməsinə yönəlmiş informasiya hüququnun mənbələri – universal, regional və ikitərəfli beynəlxalq-hüquqi sənədlər, eləcə də Azərbaycan Respublikasında informasiya və ona yaxın sahələrdə qəbul edilmiş dövlətdaxili normativ hüquqi sənədlər hərtərəfli tədqiq olunmuşdur. Bütövlükdə, “İnformasiya hüququ” dərsliyinin tam mənimsənilməsi nəticəsində informasiya hüququnun institutlarının hüquqi tənzimlənməsi, informasiyalaşdırma üzrə dövlət siyasətinin əsas istiqamətləri, informasiya təhlükəsizliyinin təminatı və informasiyanın mühafizəsi, informasiya hüquqlarının realizəsi mexanizmləri, elektron dövlətin əsas xüsusiyyətləri, informasiya hüquq münasibətlərinin tənzimlənməsinə dair xarici dövlətlərin və eləcə də beynəlxalq təcrübənin səciyyəvi xüsusiyyətləri haqqında biliklərə yiyələnmək mümkündür.